Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

Azərbaycan Demokrat Firqəsinin müraciətnaməsi.

Aşkardır ki, dünya ölkələrində tarixi illət və səbəblərə görə vahid bir halda deyildilər. Hər bir məmləkətin sərhəddi çər­çivəsində yaşayan qovm-qəbilə və millətlər dil, adət və ədab cəhətdən bir çox xüsusiyyətlərə malikdirlər. Əgər hər məm­ləkətin idarə quruluşunda bu xüsusiyyətlər nəzərdə tutulmazsa, orada həqiqi demokrası və milli hökumət imkanpəzir (müm­kün) ola bilməz.

Əgər dünyanın böyük və mütərəqqi ölkələrini nəzərdə tutub, Milli Hökumətlərin nailiyyətlərinin səbəblərini axtarsaq, təsdiq etməliyik ki, bunların hamısı o əlaqə və təvəccöhə bağ­lıdır ki, millətlərin və tayfaların xüsusiyyətləri əks edilmişdir. Bizim bu iddiamızın böyük və canlı şahidi Amerika Cumhuriy­yətləri və birləşmiş Sovet Cumhuriyyəti və həmçinin səyir dövlətlərdə qurulmuşdur. Bu klassik demokrası ölkələrdə milli ixtiyara və federasiyon üsulunu gözləməyə millətlərin tamam fərdləri (şəxslər) məmləkətin müqəddəratını həll etmək və dövlət işlərində müdaxilə etməyə müvəffəq olmuşlar.

Puç fikir və çürük iddiadır ki, deyirlər: məhəlli ixtiyarət və federasiyon üsulu mərkəziyyəti xələldar (zərbə) edə bilər. Amma bunun əksinə olaraq, təcrübə sabit etmişdir ki, qəbilələr, millətlər və mərkəzdən xaricdə yaşayan əhalinin hər qədər müstəqil və sərbəst surətdə dövlət işlərinə müdaxilə və şirkətləri təmin edilirsə, o nisbətdə onların vətənə əlaqələri və məhəbbətləri artıb və möhkəm ola bilər. Bu mülahizə ilə {irəli sürünən} əslin üzərindədir ki, məşrutəxahlıq cərayanı vücuda gətirənlər və İran qanuni-əsasını yazanlar əyalət və vilayət əncumənlərini irəli çəkib çalışmışdılar ki, bu vasitə ilə ümum İran xalqının məmləkətin müqəddərtanı təyin etməkdə şərik etsinlər. Əyalət və vilayətlərin məxsus ehtiyaclarını onların əhalisi vasitəsilə rəf  etməyə (aradan qaldırmağa) çalışsınlar. Əyalət və vilayət əncümənlərinin sükut keçirilməsi Iran millətlərinin ictimai hüquqdan məhrum deyilməsi deməkdir. Qətiyyən bürokrası rejimi və mənasız mütləq mərkəziyyət vasitəsilədir ki, İran məmləkəti bir ovüc fasid, oğru, istifadəçi ünsürlərin əllərində oyuncaq olmuş və bu səbəblə tərəqqi və təkəmül karvanından dalda qalmışdır. Qətiyyən büroqrası rejiminin səbəblərilədir ki, iranlıların əksəri ictimai hüquqdan məhrum olmuşlar. Məşrutiyyət və milli hökumətə bədbin olub, İranın gələcəyinə məyusluq və bədbinlik gözü ilə baxırlar.

Inkar etmək olmaz ki, bu gün bizim məmləkətimizdə milli hökumətdən məşrutədən əsər qalmamışdır. Iran dövləti əməldə iradəsiz və pozucu bir maşın halına düşmüdür ki, onun başında duranlar xalqı qarət etməkdən bir ayrı məqsəd təqib etmirdilər. Tamam fəsad, tamam bədbəxtliklər və fəlakəti ədbar (didərgin olmaq) buradan rişələnmişdir. Dərəbəylik üsulunun qüvvətlən­məsi, diktatorpərəstlərin tapılması bu {irənc} və faydasız üsulun nəticəsidir ki, dörd-beş nəfərə çürümüş və silah güc ilə İran camaatına təhəmil etmişlərdir.

Əgər İranda yaşayan ellər, millətlər, xalqlar məmləkətin ümumi istiqlalını gözləməklə bərabər, öz yerlərinə də və öz hüdudlarında azad və muxtar olsaydılar və bacarsaydılar məmləkətin ümumi və küllü qanunlarını gözləməklə bərabər, öz müqəddətralını özlərinin meyl və iradələri ilə təyin etsinlər. Əgər onların haqları olsaydı, özlərini mədəni, iqtisadi və siyasi cəhətdən tərəqqiləri uğrunda öz əlləri ilə namunasib, qeyd və şərtsiz çalışsaydılar, İranın vəziyyəti bu hala düşməzdi. Məşrutə və qanun əsası ki, hədsiz və saysız qurbanlar verməklə ələ gəlmişdir, əsərsiz qalmazdı. Buna görə əgər bu üsul min illər davam edərsə mümkün deyil İran xalqı fəgir və biçarəlik dəryasından nicat tapıb, tərəqqi və təkamül yoluna qədəm qoya bilsin. Müstəbid, xunxar (qaniçən) və biatifə (vəfasız) ünsürlərin əlindən nicat tapmağa müvəffəq olsun. Əgər bu məxsus üsul baqi qalarsa, siyasi firqələr və sair demokratik sazimanlardan hətta kiçik faydalar belə hasil (ələ gətirmək) olmayacaqdır. Ayrı bir çarə yoxdur. Çox tez bir surətdə gərək qanun əsasının icra və təkmili (mükəmməl) yolunda ciddi işə başlayıb, milli hökumətin əməli edilməsi aşağıdan, yəni xalq içərisindən və camaatın geniş kütlərinin ehtiyacı üzərindən əyalət və vilayətdə yaşayan xalqların xüsusiyyətlərinin payə­sindən (kökündən) qurmaq. Məhəlli ixtiyarat və federasiyon üsulunun səthi və sadə şəkli olan əyalət və viləyət əncümənləri təzə bir fikir deyildir. Müasir və mütərəqqi ölkələrdən əlavə qədim tarixi və böyük məmləkətlərdə belə naçar olmuşlar ki, xalqın və millətlərin xüsusiyyətini nəzərdə tutub, əllərini öz daxili işlərində açıq qoysunlar.

Böyük Daruşun zamanı məmləkət təqsimatı (bölqüsü) fəqət və fəqət bu təbii ehtiyac üzərində vücuda gəlmişdi. Qə­dim İranın satrabnişinlikləri bugünkü federasyion və xudmux­tariyyət {avtonom} üsulunun ibtidai şəklindən başqa bir şey deyildir. Hənuz İranda mərsum (rəsmiyyət) olan şahənşahlıq ünvanının bundan başqa bir təəbir və təfsiri (izhar-şərh) yox­dur.

Mərkəziyyəti əgər diktatorluq və xudsərlik (özbaşınalıq) və zorakılıqdan ötrü saxlamaq istəsək, başqa bir sözdür, və əgər istəsək onu məmləkətin mərkəziyyəti və demokratik hökumətin başda duranın tanıyaq. O vaxt məcburuq o əyalət və vilayət­lərin {özünə məxsus} milli və mədəni xüsusiyyətləri vardır ki, onlara icazə vermək öz daxili işlərində azad və muxtar ol­sunlar. Bu vəsilə ilə mərkəzlə mənəvi əlaqə qüvvətlənə bilsin.

Indiki, biz Azərbaycanın xüsusiyyətindən bəhs edirik. Bu geniş torpaqda dörd milyon yarım azərbaycanlı yaşayır və bu camaatın dil, adab rüsumu cəhətdən İranın başqa əyalətləri ilə böyük fərqi vardır, indiki, biz istəyirik bu xalq öz fərhəngi (mədəniyyət) işlərində və öz torpağının azadlığında gərək dəxalət etsin, hərgiz mərkəziyyətin əleyhinə olmayıb, onun qüvvətlənməsinə çalışmış oluruq.

Bəzi qısa fikirli adamlar xəyal edirlər ki, zorla od açmaq vəhşi cəngəl (meşə) qanunu gücü ilə bir xalqın dilini, xüsu­siyyətini, adab və rüsmunu aradan aparmaq mümkündür. Bu xam xəyal ilə onlar səy edirlər əşxası vadar və məcbur etsinlər ki, hətta Azərbaycanın uzaq kəndlərində belə öz ana dilindən başqa bir dil bilməyən kəndlilər fars dilində danışsınlar. Bunlar təsəvvür edirlər ki, İran xalqını aldatmaq üçün yaratdıqları milli vəhdət fəqət libasları və dilləri məsnui (süni) surətdə birləşdirmək vasitəsilə mümkün olacaqdır. Bunlar bilmirlər ki, dilin rişəsi anaların sinəsindən və xalqın adab və rüsumu olan ocaqlar başından qalxır. Nə qədər analar diri və ocaqlar yanmaqdadır, bir xalqın dilini və adab və rüsumunu əvəz etmək mümkün olan işlərdən deyildir. Milli birlik o vaxt müyəssər ola (yarana) bilər ki, xalqın hamısı öz xüsusiyyəttini xə daxili azadlığını saxlamaqla, tərəqqi edib, bir-biri ilə müsavi ola bilsin.

Azərbaycan xalqı mərkəzin çürümş və kəsif ricalının siya­səti sayəsində özünün istedad, qabiliyyət və zəkasına baxma­yaraq hər qism azadlıq və ixtiyarından məhrum edilmişdir. Onun oğullarının öz ana dilində təhsil etmək imkanları olmamışdır. Onun ziyalıları xalqın fərhəng behdaşət (səhiyyə) və sair ehtiyaclarını rəf etmək üçün heç bir haqq və ixtiyara malik deyildir.

Onlar öz ana yurdlarından və özlərinin qızıl tolit (istehsal) edən torpaqlarında fəqir və biçarəlik halında yabançılar və əsirlər kimi yoxsul halda yaşamaqdadırlar. Onun şəxsiyyətini, dilini və millətini təhqir etməkdədirlər. Rza xanın siyasətinin misli və mərkəzi dövlətin rəsmi nümayəndəsi bəlkə Azər­baycan xalqının düşmənlərinin nümunəsi olan Abdulla Mustu­finin təhqiredici sözləri bayquş səsi kimi hənuz Azərbaycan xalqının qulaqlarında təninəndazdır.

Bir müəyyən ədətdən başqa bütün Azərbaycan xalqı öz­lərinin, adına, şöhrətinə, milliyyətinə möhkəm bir surətdə əlaqəmənddirlər. Bunlar həmişə səy etmişlər ki, Azərbaycanın azadlığı və bununla bərabər bütün İranın azadlıq və səadəti uğrunda canfişanlıq etsinlər.

Biz mətləbin uzanmasını nəzərdə tutub Azərbaycanın tarixindən bəhs etmək istəmirik. Bu xalqın mənşəi və baba­larının {qeyrətli müdirlərin} böyük bir dövlət təşkil edib uzun illərcə müstəqil siyasi həyat sürdüklərini də irəli çəkə bilirik. Səfəvi sultanlarının Azərbaycan oğullarından təşkil etdiyi qızılbaş ordusunun bugünkü İranın təşkilində gördükləri böyük qəhrəmanlıqlardan bəhs etmirik. Hətta İranın və Azərbaycanın məşrutə cərəyanından Səttar xanın bayrağı altında fədakarlıq göstərən Azərbaycan mühacidlərinin fəaliyyətlərini də ayrı mövqeyə saxlayırıq.

Şeyx Məhəmməd Xiyabaninin azadlıq uğrunda başladığı qiyami və bundan sonra meydana çıxan bütün qiyamlar və aza­dixahlıq hərəkatlarını da şəhr verə bilməyəcəyik. Biz deyirik: Azərbaycan torpağında dörd milyonluq bir xalq yaşayır ki, onlar özlərinin komitələrini təşxis vermişlər. Özlərinə məxsus dilləri və ayrı bir adab və rüsumları vardır. Bu xalq deyir ki, biz istəyirik ki, İranın istiqlali və tamamiyyətini hifz etməklə bərabər, öz daxili işlərimizi idarə etməkdə muxtar və azad olaq, öz evimizi, öz meyl və iradəmizlə idarə edək və milli, məhəlli ehtiyaclarımıza öz gücümüzlə rəf edək. Azərbaycan deyirdi: Tehran bizim dərdimizə yetişmir və bizim ehtiyaclarımıza çarə, etməkdən acizdir. Bizim fərhəngimizin tərəqqisindən cilov­girlik (qarşısını alır) edir. Bizim ana dilimizi təhqir edib başqa vətəndaşlarımız kimi sərbəst yaşamağa yol vermir. Bununla belə biz oradan rabitəmizi kəsmək iddiyasında deyilik. Məmləkətimizin külli və adilanə qanunlarına itaət edəcəyik. Məclisi-Şürai-Millidə və mərkəzi hökümətdə dəxalət və şirkət etməliyik. Fars dilini dövlət dili olmaq şərtilə milli mədrəsələrimizdə öz dilimiz ilə bərabər tədris etməyə imkan verəcəyik. Amma bunalrın hamısı ilə bərabər özümüz üçün bu haqqı qailik ki, gərək öz evimizin sahibi və ixtiyardarı olub, onu öz səliqəmizlə idarə etmək imkanına malik olaq.

Necə ki, yuxarıda dedik biz təzə bir iş başlamışıq. Illərdən bəridir ki, minlərcə Azərbaycan azadixahları və mütəfəkkirləri münfərid (tək başına) dəstəcəmi (toplum) bir surətdə bu müqəddəs fikir və ali məqsəd yolunda ki, Azərbaycanın və İranın həqiqi azadlıq istiqlalının payəsi gərək onun üzərində qurulsun. Xudmuxtarlıq üçün mübarizəyə dəvət etmişlər.

Indiki demokrası məmləkətlərin qəhrəman cavanlarının mübarizəsi sayəsində faşizmin əsası yıxılmış və millətlərin başqa millətlər üzərində ağalıq nəzəriyyəsinin puç bir iddia olduğu isbata yetişmişdir. Bütün millətlərin sərbəst bir surətdə öz müqəddəratını təyin etməkləri mənşurla (xartiya) və peymanlar (müqavilə) vasitəsilə elan olunmuşdur. Bu halda Azərbaycan xalqı və Azərbaycan azadixahları təbiidir ki, münfərid və mütəfərriqə halında azadlıq mübarizələrini edama verə bilməzdilər. Ona görə lazım gəlir ki, bu mübarizəyə rəhbərlik etmək üçün möhkəm və müntəzəm bir firqə təşkilatı vücuda gəlsin. Azərbaycan Demokrat Firqəsi bu ehtiyacdan doğulmuş bir təşkilatdır. O təşkilat bütün demokratik və azadixah şəxsləri öz sırasına dəvət etməklə bir milli mərkəzi-seql vücudə gətirəcək. Azərbaycan xalqını azadlıq hədəfinə doğru sövq edəcəkdir. Bu vasitə ilə İran millətlərinin tərəqqi və təkəmül yolunu açacaqdır. Əlbətdə, bu firqənin proqram və əsasnaməsi çox çətinliklə konqrə tərəfindən təsbib (möhkəm­lənmək) və xalq tərəfindən təsdiq intişar tapacaqdır. Bununla bərabər, müəssislər heyəti bu vasitə ilə firqənin əsas nəzərini ümum xalqa elan etməklə onları öz sıralarına çıxarmağa başlamışdır.

Əziz həmvətənlər! Budur böyük tarixi mübarizə dövrü başlanır. Azərbaycan Demokrat Firqəsi sizi təbəqə və sinif firqəsi nəzərdə tutmayaraq, öz təşkilatında üzv olmağa və müqəddəs milli mübarizədə şirkət etməyə çağırır.

Bu firqənin qapıları oğrular və xainlərdən başqa ümum Azərbaycan xalqının üzünə açıqdır. Hər kəs bizim şüarlarımızı və məqsədlərimizi qəbul edərsə, çox tezliklə özünü firqə təşkilatına üzv yazdırmalıdır, Azərbaycanın və ümum İranın azadlıq ələmdarının (bayraqdan) sırasına daxil olmalıdır.

 

Bizim şüarlarımız bunlardır

 

  1. Iranın istiqlal və tamimiyyətini saxlamaqla bərabər, Azərbaycan xalqına daxili azadlıq və mədəni muxtariyyət verilməlidir ki, edə bilsin özünün fərhəngi yolunda və Azərbaycanın abadlaşması və tərəqqisi üçün ümum adilanə qanunlarını gözləməklə bərabər, öz sərneveştini təyin etsin.
  2. Bu mənzuri (nəzəri) həyata keşirmək üçün çox tezliklə əyalət və vilayət əncümənlərini intixab edib işə başlamalıdır.

Bu əncümənlər fərhəng, behdaşət və iqtisad sahəsində fəa­liyyət göstərməklə bərabər, qanuni-əsası mocibincə tamam döv­lət işçilərinin əməliyyatını təftiş edib, onların təğyir (dəyiş­mək) və təbdilində (əvəzləndirməsində) izhari-nəzər edəcəkdir.

  1. Azərbaycanın ibtidai məktəblərində üç klasa qədər dərslər fəqət Azərbaycan dilində aparılmalı və üç klasdan yuxarı dövlət dili olmaq üzrə fars dili də Azərbaycan dili ilə yanaşı tədris edilməlidir.

Azərbaycanda milli darülfünün (universitetin) təşkili Demokrat Firqəsinin əsas məqsədlərindəndir.

  1. Azərbaycan Demokrat Firqəsi sənaye və fabriklərin genişlənməsinə ciddi çalışacaq və səy edəcək ki, mövcud fabrikləri təkmil etməklə işzisliyi rəf etmək, əl və maşın sənayeni genişləndirmək üçün vəsilələr (vəsait) yaradıb, təzə fabriklər da vücudə gətirsin.
  2. Ticarətin genişlənməsi Azərbaycan Demokrat Firqəsi çox lazımlı və ciddi məsələlərdən hesab edir. Bu günə qədər ticarət yollarının bağlı qalması çoxlu kəndçilərin, məxsusən bağdarların və xırda maliklərin sərvətlərinin əllərindən çıx­masına və onların dilənçiliyə düşməsinə səbəb olmuşdu. Bunun qabağını almaq məqsədilə Demokrat Firqəsi bazar tapmaq və Azərbaycan əmtəələrinin xaricə çıxarılması üçün tranzit yolların axtarmaq üçün ciddi iqdam etməyi və bu vəsilə ilə ümumi sərvətin nöqsanının qabağını almağı nəzərdə tutmuş­dur.
  3. Demokrat Firqəsinin əsas məqsədlərindən biri də Azərbaycan şəhərlərinin abadlaşmasıdır. Bu məqsədə çatmaq üçün səy edəcəkdir. Çox tezliklə şəhər əncümənlərinin qanuni təğyir tapıb, şəhər əhalisinin müstəqil bir surətdə şəhərin abadlığına çalışıb, onları abrumənd (mədəni) və müasir hala salmağa imkan verilsin. Məxsusən Təbriz şəhərinin sudan təmin edilməsi Azərbaycan Demokrat Firqəsinin qəti mühüm bir məsələlərindəndir.
  4. Azərbaycan Demokrat Firqəsinin müəssisləri gözəl bilirlər ki, məmləkətin sərvət tolid yaratmaq edicisi və iqtisadi qüvvəsi kəndçılərin qüvvətli qoludur. Ona görə bu firqə edə bilməz ki, kəndçılər arasında vücuda gələn hərəkatı nəzərə almasın. Buna görə də firqə səy edəcək ki, kəndçilərin ehtiyac­ların təmin etmək üçün əsas qədəmlər götürülsün. Məxsusən kəndçi ilə ərbabların arasında müəyyən bir hüdud təyin etmək və bəzi ərbablar tərəfindən ixtar edilmiş qeyri qanuni vergilərin qabağını almaq Demokrat Firqəsinin vəzifələrin­dəndir. Firqə səy edəcək bu məsələ elə bir surətdə həll edilsin ki, həm kəndçılər razı qalsın və həm də maliklər özlərinin gələcəyindən itminan (inam) hasil edib, rəğbətlə kəndlərinin və öz məmləkətlərinin abadlığına çalışsınlar.

  Xalisə (dövlət) yerlərin və Azərbaycanı tərk edib, qaçan və Azərbaycan xalqının zəhmətlərinin məhsulunu Tehran və sair şəhərlərdə sərf edən ərbabların yerləri əgər tezliklə Azərbaycana müraciət etməsələr, Demokrat Firqəsinin əqidə­sində görə qeyd-şərtsiz olaraq kəndçilərin ixtiyarına verilmə­lidir. Biz özlərinin eyş və nüşindən (keyf çəkməkdən) ötrü Azərbaycanın sərvətini xaricə aparanları azərbaycanlı hesab etmirik. Əgər onlar Azərbaycana qayıtmaqdan imtina etsələr onlar üçün Azərbaycanda bir haqq qail deyilik.

Bundan əlavə firqə çalışacaq çox səhl və sadə bir surətdə Azərbaycan kəndçılərinin əksəriyyətini torpaq və əkin alətləri cəhətdən təmin etsin.

  1. Demokrat Firqəsinin mühüm vəzifələrindən biri də işsizliklə mübarizə etməkdir. Indidən bu xətər çox ciddi bir surətdə özünü göstərməkdədir. Gələcəkdə bu məsələ gündən-günə qüvvətlənəcəkdir. Mərkəzi dövlət və məhəlli məmurlar tərəfindən bu xüsusda heç bir iş görülməmişdir. Əgər iş bu münvalda belə davam edərsə, Azərbaycan əhalisinin əksəri fəna bir hala düşməyə məhkumdur.

Firqə çalışacaq bu xətərin qabağını almaq üçün ciddi tədbirlər görülsün. Hələlik fabriklər təsisi, ticarət genişlənməsi əkinçi təşkilatlarının təsis edilməsi, dəmir və şosse yolları çəkmək kimi tədbirlər mümkündür bir qədər faydalı olsun.

  1. İntixabat qanunda Azərbaycan haqqında böyük zülm edil­mişdir. Dəqiq ittilaata (məlumata) görə bu ölkədə dörd milyondan yuxarı azərbaycanlı yaşamaqdadır. Bu qeyri-adi­lanə qanun movcibincə Azərbaycana Məclisi-Şürai-Millidə 20 vəkil yeri verilmişdir. Bu qətiyyən mütənasib bir bölgü deyildir. Azərbaycan Demokrat Firqəsi səy edəcək Azərbaycan nüfusuna nisbət vəkil intixab etməyə haqqı olsun. Bu təqribən məclis nümayəndələrindən üçdə birini təşkil edə bilər.

Azərbaycan Demokrat Firqəsi məclis intixabatının mütləq azad olaması tərəfdarıdır. O dövlət işçilərin daxili və xarici ünsürlərin və həmçinin pulluları qorxutmaq və aldatmaq yolu ilə intixabat işinə qarışmalarına ciddi müxalifət edəcəkdir.

Intixabat gərək tamam İranda bir ani-vahidə (bir vaxtda) başlanıb, çox səri bir surətdə qurtarsın.

  1. Azərbaycan Demokrat Firqəsi fasid və rüşvət alan şəxs­lərlə ki, dövlət idarələrinə soxulmuşlar, ciddi mübarizə edəcək­dir. Dövlət məmurları arasında saleh (təmiz) və dürüstkar (düzgün) şəxslərdən qədrdanlıq (qiymətləndirmək) edəcəkdir.

Məxsusən firqə çalışacaq onların maaşlarını və zində­qanlıq (məişət) şərtləri elə islah olsun ki, onlar üçün oğurluq və xəyanət etməyə bəhanə qalmasın və onlar eləyə bilsinlər ki, ozləri üçün ağıllı bir həyat vücuda gətirsinlər.

  1.  Demokrat Firqəsi səy edəcək Azərbaycanda alınan vergilərin yarısından çox Azərbaycanın öz ehtiyaclarına sərf edilsin və müstəqim vergilər ciddi surətdə azalsın.
  2.  Azərbaycan Demokrat Firqəsi bütün demokrat dövlət­lər, məxsusən müttəfiqlərlə dostluq etmək tərafdarıdır. Bu dostluğu pozmaq istəyən xain ünsürlərin əllərini ictimai və siyasi və dövləti işlərdən kənar etsin.

Budur, Demokrat Firqəsinin yaradanların əsl məqsədləri.

Biz ümüdvarlıq hər bir vətənpərəst azərbaycanlı istər Azərbaycanın daxilində və ya istərsə  Azərbaycandan xaricdə bu müqəddəs məqsədə çatmaq üçün bizimlə həmsəda və əlbir olacaqlar. Təbiidir ki, insan əvvəl öz evindən başlayır. Biz də əvvəl öz evimiz olan Azərbaycandan başlayırıq və inanırıq ki, Azərbaycanın islah və tərəqqisi təbən (ümumiyyətlə) İranın tərəqqisinə səbəb olacaqdır. Vətənimiz bu vasitə ilə quldurların və mürtəcelərin çəngindən nicat tapacaqdır.

 

Yaşasın demokrat Azərbaycan! Yaşasın müstəqil İran!

Yaşasın İran və Azərbaycan azadlığının həqiqi məşəldarı olan Azərbaycan Demokrat Firqəsi.

 

 

Go Back

Comment