Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

Azərbaycan Demokrat Firqəsinin 12 Şəhrivər müraciətnaməsi

 

Azərbaycan Demokrat Firqəsinin 12 Şəhrivər

müraciətnaməsi

  1. İranın istiqlal və təmamiyyətini saxlamaqla bərabər Azərbaycan xəlqinə daxili azadlıq və mədəni muxtariyət verilməlidir ki, edə bilsin özünün fərhəngi  yolunda və Azərbaycanın abadlaşması və tərəqqisi üçün ümum məmləkətin adilanə  qanunlarını gözləməklə bərabər öz sərniviştını təyin etsin.
  2. Bu mənzuru həyata keçirmək üçün çox tezliklə Əyalət və Vilayət Əncümənlərini intixab edib işə başlamalıdır. Bu əncümənlər fərhəngi, behdaştı və iqtisad sahəsində fəaliyət göstərməklə bərabər qanun əsası mucibincə təmam dövlət işçilərinin əməliyatını təftiş edib onların təğyir və təbdilində izhar nəzər edəcəkdir.
  3. Azərbaycanın ibtidayi məktəblərində üç kilasa qədər dərslər fəqət Azərbaycan dilində aparılmalıdır və üç kilasdan yuxarı dövlət dili olmaq üzrə Fars dili də Azərbaycan dili ilə yanaşı tədris edilməlidir. Azərbaycanda milli darulfununun təşkili Demokrat Firqəsinin əsas məqsədlərindən biridir.
  4. Azərbaycan Demokrat Firqəsi sənaye və fabrikaların genişlənməsinə ciddi çalışacaq və səy edəcək ki, mövcud fabrikaları təkmil etməklə bərabər  işsizliyi rəf etmək üçün, əl və maşın sənaye’ini genişləndirmək üçün vəsilələr  yaradıb taza fabrikalar vicuda gətirsin.
  5. Ticarətin genişlnməsini, Azərbaycan Demokrat Firqəsi çox lazım və ciddi məsələlərdən hesab edir. Bu günə qədər ticarət yollarının bağlı qallması çoxlu kəndlilərin, məxsusən bağdarların və xırda maliklərin sərvətlərinin əllərindən çıxmasına və onların dilənçi halına düşməsinə səbəb olmuşdur. 

Bunun qabağını almaq məqsədi ilə Demokrat Firqəsi bazar tapmaq və Azərbaycan əmti'ələrinin xaricə çıxarılması üçün tranzit yolları axtarmaq işinə ciddi iqdam etməyi və bu vəsilə ilə ümumi sərvətin nüqsanının qabağını almasını nəzərdə tutmuşdur.

  1. - Demokrat Firqəsinin əsas məqsədlərindən biri də Azərbaycan şəhərlərinin abadlaşmasıdır. Bu məqsudə çatmaq üçün Firqə səy edəcək ki, çox tezliklə şəhər əncümənlərinin qanunu təğyir tapıb şəhər əhalisinə müstəqil bir surətdə şəhərin abadlığına çalışıb onları abırumənd və müasir hala salmağa imkan verilsin. Məxsusən Təbriz şəhərinin su ilə təmin edilməsi Azərbaycan Demokrat Firqəsinin çox fövri- cari məsələlərindəndir.
  2. - Azərbaycan Demokrat Firqəsinin müəssisləri gözəl bilirlər ki, məmləkətin  sərvət tolid edəni və iqtisadi qüvvəsi kəndlilərin qüvətli qoludur. Ona görə bu Firqə edə bilənməz ki, kəndçilər arasında vicuda gələn hərəkəti nəzərə almasın. Buna görə də Firqə səy edəcəkdir ki, kəndlilərin ehtiyaclarını təmin etmək üçün əsaslı qədəmlər götürülsün. Məxsusən kəndli ilə ərbabların arasında müəyyən bir hüdud təyin etmək və bə’zi ərbablar tərəfindən ixtira edilmiş qeyri-qanuni vergilərin qabağın almaq Demokrat Firqəsinin  förı vəzifələrindəndir.

Firqə səy edəcək bu məsələ elə bir surətdə həll edilsin ki, həm kəndlilər razı qalsın və həm də maliklər özlərinin gələcəyindən itminan hasil edib, rəğbətlə kəndlərinin və öz məmləkətlərinin abadlığına çalışsınlar.

Xalisə yerləri və azərbaycanı tərk edib qaçan və Azərbaycan xəlqinin zəhmətlərinin məhsulunu Tehranda və sayir şəhərlərdə məsrəf edən ərbabların yerləri, əgər tezlik ilə Azərbaycana müraciət etməsələr, Demokrat Firqəsinin əsasnaməsinə müvafiq olaraq kəndlilərin ixtiyarına verilməlidir. Biz özlərinin eyş və nuşundan ötri Azərbaycanın sərvətini xaricə aparanları azərbaycanlı hesab etmirik. Əgər onlar Azərbaycana qayıtmaqdan imtina etsələr, onlar üçün azərbaycanda bir haq qail dəyilik. Bundan əlavə Firqə çalışacaq ki, çox səhl və sadə bir surətdə Azərbaycan kəndlilərinin əksəriyətini torpaq və əkin  alətləri cəhətdən təmin etsin.

  1. - Demokrat Firqəsinin mühüm vəzifələrindən biri də işsizliklə mübarizə etməkdir. İndidən bu xətər çox ciddi bir surətdə özünü göstərməkdə dir.

Gələcəkdə bu sel gündən-günə qüvətlənəcəkdir. Mərkəzi dövlət və məhəlli məmurlar tərəfindən bu xüsusda heç bir iş görülməmişdir. Əgər iş bu minval ilə davam edərsə, Azərbaycan xəlqinin əksəriyəti fəna bir hala düşməyə məhkumdur. Firqə çalışır bu xətərin qabağını almaq üçün ciddi tədbirlər görülsün. Hələlik fabrikaların təsisi, ticarətin genişlənməsi, əkinçi təşkilatlarının təsis edilməsi, dəmir və şosa yolların çəkilməsi kimi tədbirlər, mümkündür bir qədər faydalı olsun.

  1. İntixabat qanununda Azərbaycanın həqqində böyük zülm edilmişdir. Dəqiq ittilaata görə bu ölkədə dörd miliondan yuxarı azərbaycanlı yaşamaqdadır. Bu qeyri adilanə qanun mocibincə Azərbaycana Məclis-Şurai Mllidə, 20- vəkil yeri verilmişdir. Bu qətiyyən mütənasib bir bölgü deyildir. Azərbaycan Demokrat Firqəsi səy edəcək Azərbaycan nüfusuna  nisbət vəkil intixab etmə həqqi olsun. Bu təqribən məclis nümayəndələrinin üçdə birini təşkil edə bilər. 

Azərbaycan Demokrat Firqəsi məclis intixabatının mütləqən azad olması tərəfdarıdır. O, dövlət işçilərinin daxili və xarici, həmçinin pulluların qorxutmaq və aldatmaq yolu ilə intixabat işınə qarışmalarına ciddən müxalifət edəcəkdir. İntixabat gərək təmam- iranda ani vahiddə başlanıb, çox səri' bir surətdə qurtarsın.

  1. Azərbaycan Demokrat Firqəsi fasid, müxtəlis və rüşvə alan şəxslər ilə ki, dövlət idarələrinə soxulmuşlar, ciddi mübarizə edəcək və dövlət məmurları arasında saleh və dürüstkar şəxslərdən qədirdanlıq edəcək. Məxsusən Firqə çalışacaq onların maaşları və zindəganlıq şəraitləri elə islah olsun ki, onlar üçün oğurluq və xəyanət etməyə bahanə qalmasın, onlar eliyə bilsinlər ki, özləri üçün abırlı həyat vicudə gətirsinlər.
  2. Demokrat Firqəsi səy edəcək Azərbaycanda alınan vergilərin yarısından yuxarısı Azərbaycanın öz ehtiyaclarına sərf edilsin və qeyri-müstəqim vergilər ciddi surətdə azalsın.
  3. Azərbaycan Demokrat Firqəsi bütün demokratik dövlətlər, məxsusən müttəfiqlərlə dostluq saxlamaq tərəfdarıdır və bu dostluğu davam etdirmək üçün çalışacaq mərkəzdə və şəhərlərdə İran ilə müttəfiq demokratik dövlətlər arasında dostluğu pozmaq istəyən xain ünsürlərin əllərini ictimai, siyasi və dövləti işlərdən kənar etsin.

 Budur Demokrat Firqəsini yaradanların əsl məqsədləri.

 Biz ümidvarıq ki, hər bir vətənpərəst azərbaycanlı istər Azərbaycanın daxilində və ya Azərbaycandan xaricdə bu müqəddəs məqsədə çatmaq üçün bizimlə həmmsəda və əlbir olacaqdır. Təbiidir ki, insan əvvəl əgər öz evini islah etməsə məhəllə, şəhər və ya məmləkət üçün işləyə bilənməz. 

Biz əvəl öz evimiz olan Azərbaycandan başlayırıq və inanırıq ki, Azərbaycanın islah və tərəqqisi İranın tərəqqisinə səbəb olacaqdır və vətənimiz bu vasitə ilə quldurların və mürtəcelərin çənqalından nicat tapacaqdır.

Yaşasın Demokrat Azərbaycan!

Yaşasın Müstəqil və Azad İran!

Yaşasın İran və Azərbaycan azadlığının həqiqi məşəldarı olan Azərbaycan Demokrat Firqəsi!

Go Back

Comment