Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

"12 Şəhrivər"in 74-cü ildönümü münasibətilə

"12 Şəhrivər"in 74-cü ildönümü münasibətilə

Azərbaycan Dmokrat Firqəsinin “12 Şəhrivər” müraciəti

Aşkardır ki, dünya ölkələrində yaşayanlar çoxlu tarixi səbəblərə görə vahid bir halda deyildirlər. Hər bir ölkənin sərhəddi çərçivəsində yaşayan xalq, qəbilə və millətlər dil, adət-ənənə cəhətdən bir çox xüsusiyyətlərə malikdirlər ki, əgər hər ölkənin idarə və dövlət quruluşunda bu xüsusiyyətlər nəzərdə tutulmazsa, orada həqiqi demokratiya və milli hökumət mümkün ola bilməz.

Əgər dünyanın böyük və mütərrəqi ölkələrini nəzərdə tutub mil­li hökumətlərin nailiyyətlərinin səbəblərini axtarsaq, təsdiq et­mə­li­yik ki, bunların hamısı o marağa və diqqətə bağlıdır ki, millətlərin və tayfaların xüsusiyyətlərinə dönüş edilmişdir. Bizim bu id­dia­mı­zın canlı və böyük şahidi Amerika Birləşmiş Cümhuriyyətləri və Bir­ləşmiş Sovet Cümhuriyyətləri və həmçinin Süvis (İsveçrə) döv­lət quruluşudur. Bu klassik demokratiya ölkələrində milli ixtiyarlar və fedrasiyon üsulunu gözləməklə millətlərin bütün fərdləri ölkənin müqəddəratını həll etmək və dövlət işlərinə müdaxilə etməyə müvəffəq olmuşlar.

Puç və çürük iddiadır ki, deyirlər: milli ixtiyarlar və fedrasiyon üsulu mərkəziyyəti poza bilər. Amma bunun əksinə olaraq təcrübə sübut etmişdir ki, qəbilələr, millətlər və mərkəzdən xaricdə ya­şa­yan əhalinin hər qədər müstəqil və sərbəst surətdə dövlət işlərinə müdaxilə və iştirakları təmin edilərsə, o nisbətdə də onların vətənə maraq və məhəbbətləri artıq və möhkəm ola bilər. Bu mülahizə ilə və bu əsas prinsipin üzərindədir ki, konstitusiya hərəkatını vücuda gətirənlər və İranın Əsas qanununu yazanlar əyalət və vila­yət əncümənlərini irəli çəkib çalışmışlar ki, bu vasitə ilə bütün İran xalqını ölkənin müqəddəratını təyin etmək işinə şərik et­sin­lər, əyalət və vilayətlərin xüsusi ehtiyaclarını onların əhalisi va­si­tə­silə həll etməyə çalışsınlar. Əyalət və vilayət əncümənlərinin sükut ilə keçirilməsi İran millətlərinin ictimai hüquqdan məh­rum edilməsi deməkdir. Qətiyyən bürokratiya rejimi və mənasız mərkəziyyət vasitəsi ilədir ki, İran ölkəsi bir ovuc satqın, oğru və istifadəçi ünsürlərin əlində oyuncaq olmuş və bu səbəb ilə tərəq­qi və təkamül karvanından kilometrlərlə dalda qalmışdır və şübhəsiz ki, uğursuz bürokratiya rejimi səbəbindəndir ki, iranlıların əksəriy­yəti ictimai hüquqdan məhrum, konstitusion və milli hökumətə bədbin olub, İranın gələcəyinə məyusluq və ümidsizlik gözü ilə baxırlar.

İnkar etmək olmaz ki, bu gün bizim ölkəmizdə milli höku­mət və konstitusiyadan əsər qalmamışdır. İran dövləti əməldə iradəsiz və pozucu bir maşın halına düşmüşdür ki, onun başında duranlar xalqı qarət etməkdən başqa bir məqsəd təqib etmirlər. Bütün fəsadlar, bütün bədbəxtliklər, bütün fəlakət və idbar buradan qidalanmışdır. Dərəbəylik üsulunun qüvvətlənməsi, diktator və diktatorpərəstlərin

tapılması bu cəfəngiyyat və faydasız üsulun nəticəsidir ki, dörd-beş nəfər çürümüş şəxsləri güc ilə İran camaatına zorla qəbul etdirmişlər.

Əgər İranda yaşayan ellər, millətlər, xalqlar ölkənin istiqlalını gözləməklə bərabər öz yerlərində və öz hüdudlarında azad və muxtar olsaydılar və bacarsaydılar, ölkənin ümumi qayda və qanunlarını gözləməklə bərabər öz müqəddəratını, özlərinin meyl və iradələri ilə təyin etsinlər, əgər onların haqları olsaydı, özlərinin mədəni, iqtisadi və siyasi cəhətdən tərəqqiləri uğrunda öz əlləri ilə qeyd və şərtsiz çalışsaydılar, İranın vəziyyəti bu hala düşməz, Konstitusiya ki, hədsiz və saysız qurbanlar verməklə ələ gəlmişdir, təsirsiz qalmazdı. Buna görə, əgər bu üsul min illər davam edərsə, mümkün deyil, İran xalqı yoxsulluq və biçarəlik dəryasından nicat tapıb tərəqqi və təkamül yoluna qədəm qoya bilsin və müstəbid, qaniçən və mərhəmətsiz ünsürlərin əlindən nicat tapmağa müvəffəq olsun. Əgər bu pis üsul beləcə qalarsa, siyasi firqələr və sair demokratik təşkilatlardan hətta kiçik faydalar belə hasil olmayacaqdır. Buna görə də, ayrı bir çarə yoxdur, çox tez bir surətdə gərək Əsas qanunun icrası və tək­mil­ləşdirilməsi yolunda ciddi surətdə işə başlayıb, milli hökumətin əməli edilməsini aşağıdan, yəni xalq içindən və camaatın geniş kütlələrinin ehtiyacı üzərində, əyalət və vilayətdə yaşayan xalqların xüsusiyyətləri üzərində qurmaq. Milli ixtiyarlar və fedrasiyon üsu­lunun səthi və sadə şəkli olan əyalət və vilayət əncümənləri təzə bir fikir deyildir. Müasir və mütərəqqi ölkələrdən əlavə qədim tarixi və böyük ölkələrdə belə naçar olmuşlar ki, xalqın və millətlərin xüsusiyyətini nəzərdə tutub, onların əllərini öz daxili işlərində açıq qoysunlar.

Böyük Daryuşun ölkə bölgüsü fəqət və fəqət bu təbii ehti­yac üzərində vücuda gəlmişdi. Qədim İranın satraplıqları bugünkü fedrasiyon və muxtariyyat (avtonomiya) üsulunun ibtidai şəkilindən başqa bir şey deyildir. Hələ ki, İranda rəsmi olan şahənşahlıq ünvanının bundan başqa bir təbir və təfsiri yoxdur.

Mərkəziyyəti əgər diktatorluq və özbaşınalıq və zor işlətməkdən ötrü saxlamaq istəsək, başqa bir sözdür və əgər istəsək onu ölkənin mərkəzi kimi və demokratik hökumətin başda duranı kimi tanıyaq, o vaxt məcburuq, o əyalət və vilayətlərin ki, güclü milli və mə­dəni xüsusiyyətləri vardır, onlara icazə verək öz daxili işlərində azad və muxtar olsunlar ki, bu yolla mərkəzlə mənəvi əlaqə qüvvətlənə bilsin.

İndi ki, biz Azərbaycanın xüsusiyyətindən bəhs edirik və deyirik ki, bu geniş torpaqda 4,5 milyon nəfər azərbaycanlı yaşayır və bu camaatın dil, adət və ənənə cəhətindən İranın başqa əyalətləri ilə böyük fərqi vardır, o zaman ki, biz istəyərik, bu xalq öz mədəni işlərində və öz torpağının abadlığında iştirak etsin, heç vaxt mərkəziyyətin əleyhinə olmayıb, əksinə onun qüvvətlənməsinə çalışmış oluruq.

Bəzi qısa fikirli adamlar xəyal edirlər ki, zor ilə, çomaq və hov-cəncal gücü ilə bir xalqın dilini, xüsusiyyətiıni, adət və ənənə­sini ortadan aparmaq mümkündür. Bu xam xəyal ilə onlar səy edirlər, adamları vadar və məcbur etsinlər ki, hətta Azərbaycanın uzaq kəndlərində belə öz ana dilindən başqa bir dil bilməyən kəndlilər üçün fars dilində danışsınlar. Bunlar təsəvvür edirlər ki, İran xalqını aldatmaq üçün yaratdıqları milli vəhdət sözü yalnız geyimləri və dilləri süni surətdə birləşdirmək vasitəsilə mümkün olacaqdır. Bunlar bilmirlər ki, dilin kökü anaların sinəsindən, xalqın adət və ənənəsi ocaqlar başından qalxır. Nə qədər analar diri və ocaqlar yanmaqdadır, bir xalqın dilini və adət-ənənəsini əvəz etmək mümkün olan işlərdən deyildir. Milli birlik o vaxt əldə ola bilər ki, xalqın hamısı öz xüsusiyyətini və daxili azadlığını saxlamaqla tərəqqi edib bir-birilə bərabər ola bilsin.

Azərbaycan xalqı mərkəzin çürümüş və kəsif dövlət adamlarının siyasəti sayəsində özünün istedad, qabiliyyət və zəkasına bax­ma­yaraq, hər növ azadlıq və ixtiyardan məhrum edilmişdir. Onun oğullarının öz ana dilində təhsil almaq imkanları olmamışdır, onun ziyalıları xalqın mədəniyyət, səhiyyə və sair ehtiyaclarını həll et­mək üçün heç bir haqq və ixtiyara malik deyildir.

Onlar öz ana yurdlarında və özlərinin qızıl törədən torpaqlarında yoxsul və biçarəlik halında yabançılar və əsirlər kimi yoxsul halda yaşamaqdadırlar. Onun şəxsiyyətini, dilini və milliyyətini hər an təhqir etməkdədirlər. Rza xanın xaricilərə bağlı siyasətinin icraçısı və mərkəzi dövlətin rəsmi nümayəndəsi, eləcə də Azərbaycan xalqı düşmənlərinin nümayəndəsi olan Abdullah Müstofinin təhqiredici sözləri bayquş səsi kimi hələ də Azərbaycan xalqının qulaqlarında cingildəyir.

Müəyyən bir qrupdan başqa bütün Azərbaycan xalqı özlərinin adına, şöhrtinə, miliyyətinə güclü bir şəkildə bağlıdır. Bunlar hə­mi­şə səy etmişlər ki, Azərbaycanın azadlığı və səadəti və bununla bə­ra­bər bütün İranın azadlıq və səadəti uğrunda ciddi bir surətdə can­fə­şanlıq etsinlər.

Biz mətləbin uzanmasını nəzərə alıb Azərbaycanın keş­mə­keş­li tarixindən bəhs etmək istəmirik. Bu xalqın mənşəyi və ba­ba­la­rının böyük bir dövlət təşkil edib uzun illərcə müstəqil siyasi hə­yat sürdüklərini də irəli çəkməyirik. Səfəvi sultanlarının Azər­bay­can oğullarından təşkil etdiyi qızılbaş ordusunun bugünkü İranın təş­kilində gördükləri böyük işlər və göstərdikləri böyük qəh­rə­man­lıq­lardan da bəhs etmirik, hətta İranın və Azərbaycanın Məşrutə cə­rə­yanında Səttarxanın bayrağı altında fədakarlıq göstərən Azər­baycan mücahidlərinin fəaliyyətlərini də ayrı mövqeyə saxlayırıq.

Şeyx Məhəmməd Xiyabaninin azadlıq uğrunda başladığı qiyamı və bundan sonra meydana çıxan bütün qiyamlar və azadlıq hərəkatlarını də şərh verə bilməyəcəyik.

Biz deyirik: Azərbaycan torpağında 4 milyonluq bir xalq yaşayır ki, onlar özlərinin etnik mənsubiyyətlərini tanıyır, özlərinə məxsus dilləri və ayrı bir adət-ənənələri vardır. Bu xalq deyir ki, biz istəyirik ki, İranın isti­q­la­liy­yətini və bütövlüyünü qorumaqla bərabər öz daxili işlərimizi idarə etməkdə muxtar və azad olaq, edə bilək ki, öz evimizi öz meyl və iradəmizlə idarə edək və milli, yerli ehtiyaclarımızı öz gücümüzlə həll edək.

Azərbaycan deyir: Tehran bizim dərdimizə yetişmir və bizim ehtiyaclarımızı müəyyən edib çarə etməkdən acizdir. Bizim mədəniyyətimizin inkişafının qarşısını alır. Bizim ana dilimizi təh­qir edib başqa vətəndaşlarımız kimi sərbəst yaşamağa yol vermir. Bununla belə biz oradan əlaqəmizi kəsmək iddiasında deyilik, ölkəmizin əsas və ümumi qanunlarına itaət edəcəyik. Milli Şura Məclisində (Parlamentdə) və mərkəzi hökumətdə iştirak et­mə­liyik. Fars dilini dövlət dili olmaq şərti ilə milli mək­təb­lə­ri­mizdə öz dilmiz ilə bərabər tədris etməyə imkan verəcəyik. Amma bunların ha­mısı ilə bərabər özümüz üçün bu haqqa da layiqik ki, gərək öz evi­mi­zin ixtiyar sahibi olub, onu öz səliqəmizlə idarə etmək imkanına malik olaq.

Necə ki, yuxarıda dedik, biz təzə bir iş başlamamışıq, illərdən bəridir ki, minlərcə Azərbaycan azadlıqsevərləri və mütəfəkkirləri tək və ya cəm halda bu müqəddəs fikir və ali məqsəd yolunda ki, Azərbaycanın və İranın həqiqi azadlıq və istiqlalının əsası gərək onun üzərində qurulsun, mübarizə etmiş, gizlin və açıq surətdə azərbaycanlıları mədəniyyət azadlığı və muxtariyyat üçün mübarizəyə dəvət etmişlər.

İndi ki, demokratik ölkələrin qəhrəman cavanlarının mübarizəsi sayəsində faşizmin əsası yıxılmış və millətlərin başqa millətlər üzərində ağalıq nəzəriyyəsinin puç bir iddia olduğu sübuta yetmiş və bütün dünya millətlərinin sərbəst bir surətdə öz müqəddəratını təyin etməkləri xartiya və müqavilələr vasitəsilə elan olunmuşdur, bu halda Azərbaycan xalqı və Azərbaycan azadlıqsevərləri təbiidir ki, tək və ya dağınıq halda azadlıq mübarizələrini davam edə bilməzlərdi, ona görə lazım gəlirdi, bu mübarizəyə rəhbərlik etmək üçün möhkəm və münəzzəm bir firqə təşkilatı vücuda gəlsin. Azər­bay­can Demokrat Firqəsi bu ehtiyacdan doğulmuş bir təşkilatdır. O təşkilat bütün demokratik və azadlıqsevər şəxsləri öz sırasına dəvət etməklə bir milli mərkəzi vücuda gətirəcək, Azərbaycan xalqını azadlıq hədəfinə doğru sövq edəcəkdir və bu vasitə ilə İran millətinin tərəqqi və təkamül yolunu açacaqdır. Əlbəttə, bu firqənin proqram və əsasnaməsi çox tezliklə qurultay tərəfindən təsdiq ediləcək və xalq arasında yayılacaqdır. Bununla bərabər Müəssislər Heyəti bu vasitə ilə firqənin əsas ideyasını bütün xalqa elan etməklə onları öz sıralarına çağırmağa başlamışdır.

Əziz həmvətənlər!

Budur, böyük tarixi mübarizə dövrü başlanır. Azərbaycan Demokrat Firqəsi təbəqə və sinif fərqini nəzərdə tut­ma­yaraq öz təşkilatında üzv olmağa və müqəddəs milli mübarizədə iştirak etməyə çağırır.

Bu firqənin qapıları oğrular və xainlərdən başqa bütün Azər­bay­can xalqının üzünə açıqdır. Hər kəs bizim şüarlarımızı və məq­səd­lə­rimizi qəbul edərəsə, çox tezliklə özünü firqə təşkilatına üzv yazdırmalı və Azərbaycanın və bütün İranın azadlıq mübarizlərinin sırasına daxil olmalıdır.

Bizim şüarlarımız bunlardır:

1- İranın istiqlal və bütövlüyünü saxlamaqla bərabər Azər­bay­can xalqına daxili azadlıq və mədəni muxtariyyat verilməlidir ki, edə bilsin, özünün mədəniyyəti yolunda və Azərbaycanın abad­laş­ması və tərəqqisi üçün bütün ölkənin ədalətli qanunlarını gözlə­mək­lə bərabər öz müqəddaratını təyin etsin.

2- Bu məqsədi həyata keçirmək üçün çox tezliklə Əyalət və Vilayət Əncümənlərini seçib işə başlamalıdır. Bu əncümənlər mə­də­niyyət, səhiyyə və iqtisad sahəsində fəaliyət göstərməklə bə­ra­bər, Konstitusiyaya söykənərək bütün dövlət işçilərinin fəaliyyətini yoxlayıb, onların dəyişdirilməsi və əvəz edilməsində öz fikirlərini bildirəcəklər.

3- Azərbaycanın ibtidai məktəblərində üçüncü sinfə qədər dərs­lər yalnız Azərbaycan dilində aparılmalıdır və üçüncü sinifdən yu­xa­rı dövlət dili olmaq üzrə fars dili də Azərbaycan dili ilə yanaşı təd­ris edilməlidir. Azərbaycanda milli universitetin təşkili De­mok­rat Firqəsinin əsas məqsədlərindən biridir.

4- Azərbaycan Demokrat Firqəsi zavod və fabriklərin ge­niş­lən­məsinə ciddi çalışacaq və səy edəcək ki, mövcud fabrikləri tək­mil etməklə bərabər işsizliyi aradan qaldırmaq, əl və maşın sənayeini genişləndirmək üçün yollar tapıb, təzə fabriklər vücuda gətirsin.

5- Ticarətin genişlnməsini Azərbaycan Demokrat Firqəsi çox lazim və ciddi məsələlərdən hesab edir. Bu günə qədər ticarət yol­la­rının bağlı qalması çoxlu kəndlilərin, xüsusilə bağçıların və xırda mülkədarların sərvətlərinin əllərindən çıxmasına və onların di­lən­çi halına düşməsinə səbəb olmuşdur. Bunun qabağını almaq məq­sədi ilə Demokrat Firqəsi bazar tapmaq və Azərbaycan əmtə­ələrinin xaricə çıxarılması üçün tranzit yolları axtarmaq işinə ciddi şəkildə başlamağı və bu yolla ümumi sərvətin nöqsanının qabağını almasını nəzərdə tutmuşdur.

6 - Demokrat Firqəsinin əsas məqsədlərindən biri də Azər­bay­can şəhərlərinin abadlaşmasıdır. Bu məqsədə çatmaq üçün Firqə səy edəcək ki, çox tezliklə şəhər əncümənləri qanununu dəyişərək, şə­hər əhalisinə müstəqil bir surətdə şəhərin abadlığına çalışıb, onları səliqəli və müasir hala salmağa imkan verilsin. Xüsusilə Təbriz şəhərinin su ilə təmin edilməsi Azərbaycan Demokrat Firqəsinin çox təcili cari məsələlərindəndir.

7 - Azərbaycan Demokrat Firqəsinin müəssisləri gözəl bilirlər ki, ölkənin sərvət istehsal edəni və iqtisadi qüvvəsi kəndlilərin qüvətli qoludur. Ona görə bu Firqə edə bilməz ki, kəndlilər ara­sın­da vücuda gələn hərəkəti nəzərə almasın. Buna görə də Firqə səy edəcəkdir ki, kəndlilərin ehtiyaclarını təmin etmək üçün əsaslı addımlar atsın. Xüsusilə kəndli ilə mülkədarlar arasında müəyyən bir hüdud təyin etmək və bəzi mülkədarlar tərəfindən ixtira edilmiş qeyri-qanuni vergilərin qabağın almaq Demokrat Firqəsinin təcili vəzifələrindəndir. Firqə səy edəcək, bu məsələ elə bir surətdə həll edilsin ki, həm kəndlilər razı qalsın və həm də mülkədarlar özlərinin gələ­cəyindən arxayın olub, rəğbətlə kəndlərinin və öz ölkələ­ri­nin abadlığına çalışsınlar. Xalisə yerləri (dövlət torpaqları)  və Azərbaycanı tərk edib qaçan və Azərbaycan xalqının zəhmətlərinin məhsulunu Tehranda və sair şəhərlərdə məsrəf edən mülkədarların yerləri, əgər tezliklə Azərbaycana qayıtmasalar, Demokrat Firqəsinin əsas­na­mə­sinə müvafiq olaraq kəndlilərin ixtiyarına verilməlidir. Biz özləri­nin eyş-işrətindən ötəri Azərbaycanın sərvətini xaricə aparanları azərbaycanlı hesab etmirik. Əgər onlar Azərbaycana qayıtmaqdan im­tina etsələr, onlar üçün Azərbaycanda bir haqq təmin edil­mə­yə­cək. Bundan əlavə Firqə çalışacaq ki, çox asan və sadə bir surətdə Azər­baycan kəndlilərinin əksəriyətini torpaq və əkin alətləri cə­hət­dən təmin etsin.

8 - Demokrat Firqəsinin mühüm vəzifələrindən biri də işsizliklə mübarizə etməkdir. İndidən bu təhlükə çox ciddi bir surətdə özünü göstərməkdədir. Gələcəkdə bu sel gündən-günə qüvvətlənəcəkdir. Mərkəzi dövlət və yerli məmurlar tərəfindən bu barədə heç bir iş görülməmişdir. Əgər iş bu minval ilə davam edərsə, Azərbaycan xalqının əksəriyyəti fəna bir hala düşməyə məhkumdur. Firqə ça­lışır bu riskin qabağını almaq üçün ciddi tədbirlər görülsün. Hələlik fabriklərin təsisi, ticarətin genişlənməsi, əkinçi təşkilatlarının təsis edilməsi, dəmir və şosse yollarının çəkilməsi kimi tədbirlər, müm­kündür bir qədər faydalı olsun.

9- Seçki qanununda Azərbaycana münasibətdə böyük zülm edil­miş­dir. Dəqiq məlumata görə bu ölkədə 4 milyondan yuxarı azərbaycanlı yaşamaqdadır. Bu ədalətsiz qanun üzündən Azər­bay­cana Milli Şura Məclisində (Parlamentdə) 20 deputat yeri ve­ril­mişdir. Bu qətiyyən mütənasib bir bölgü deyildir. Azərbaycan Demok­rat Firqəsi səy edəcək, Azərbaycan əhalisinin sayına uyğun de­pu­tat seçmə haqqı olsun. Bu təqəribən Məclis (Parlament) nü­ma­yəndələrinin üçdə birini təşkil edə bilər. Azərbaycan Demokrat Firqəsi Parlament seçkilərinin mütləq azad olması tərəfdarıdır. O, dövlət işçilərinin, həmçinin pulluların xalqı qorxutmaq və aldatmaq yolu ilə seçki işınə qarışmalarına ciddi müxalifət edəcəkdir.

Seçki gərək bütün İranda eyni vaxtda başlanıb, çox tez bir su­rət­də qurtarsın.

10- Azərbaycan Demokrat Firqəsi satqın və rüşvətxor şəxslər ilə ki, dövlət idarələrinə soxulmuşlar, ciddi mübarizə edəcək və dövlət məmurları arasında doğru və düzgün şəxslərə təşəkkür edəcək. Xüsusilə Firqə çalışacaq, onların maaşları və yaşayış şəraitləri elə islah olsun ki, onlar üçün oğurluq və xəyanət etməyə bəhanə qal­ma­sın, onlar eliyə bilsinlər ki, özləri üçün abırlı həyat yaratsınlar.

11- Demokrat Firqəsi səy edəcək, Azərbaycanda alınan ver­gi­lə­rin yarısından yuxarısı Azərbaycanın öz ehtiyaclarına sərf edilsin və qeyri-müstəqim vergilər ciddi surətdə azalsın.

12- Azərbaycan Demokrat Firqəsi bütün demokratik dövlətlər, xüsusilə müttəfiqlərlə dostluq saxlamaq tərəfdarıdır və bu dostluğu davam etdirmək üçün çalışacaq, mərkəzdə və şəhərlərdə İran ilə müttəfiq demokratik dövlətlər arasında dostluğu pozmaq istəyən xain ünsürlərin əllərini ictimai, siyasi və dövləti işlərdən kənar etsin.

Budur Demokrat Firqəsini yaradanların əsl məqsədləri.

Biz ümidvaruq ki, hər bir vətənpərvər azərbaycanlı istər Azər­bay­canın daxilində və ya Azərbaycandan xaricdə bu müqəddəs məqsədə çatmaq üçün bizimlə həmrəy və əlbir olacaqdır. Təbiidir ki, insan əgər əvvəl öz evini islah etməsə, məhəllə, şəhər və ya ölkə üçün işləyə bilməz. Biz əvəl öz evimiz olan Azərbaycandan başlayırıq və inanırıq ki, Azər­bay­canın islah və tərəqqisi İranın tərəqqisinə səbəb olacaqdır və vətənimiz bu vasitə ilə quldurların və mürtəcelərin pəncəsindən nicat tapacaqdır.

Yaşasın Demokrat Azərbaycan!

Yaşasın Müstəqil və Azad İran!

Yaşasın İran və Azərbaycan azadlığının həqiqi məşəldarı olan Azərbaycan Demokrat Firqəsi!

Təbriz, 3 sentyabr 1945-ci il

Go Back

Comment