Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

Balaş «Azəroğlu»nun xatirələrindən

 

Balaş «Azəroğlu»nun xatirələrindən

Balaş «Azəroğlu»nun xatirələrindən; əlli il ayrılıqdan sonra vətənə döndüm …. 1325-ci ilin azər ayının iyirmisi hava qaralan kimi, şəhərin kənar məhələlərində güllə səsləri eşidilməyə başladı. Bu güllələrin çoxu adamları vahiməyə salmaq üçün havaya atılan güllələr idi. Yolum Səttar xan küçəsindən idi. Yolda «Firidun İbrahimi»yə rast gəldim, görüşdük. Çox pərt idi, hara getdiyini soruşdum. Mərkəzi komitəni göstərdi.

Mən evə çatanda atamın həyət qapısı ağzında nigəran dayandığını gördüm. Məsələ aydın idi, bir tərəfdən də güllə səsləri çoxalırdı. Atam məni qorxutmamaq üçün təmkinini pozmadan astadan: «uşaqlar, «Əli Tudə», «Aşıq Hüseyin Cavan» bir də «Yəqub dayı» sənin dalınca gəlmişdilər, ancaq səni gözələməyə vaxtları olmadığı üçün dedilər ki, biz getdik dəmir yolu vağzalına, evə gələn kimi o da gəlsin ora. Hamı Culfaya gedir…» mən bir söz demədim, çünki artıq gec idi, həm də vağzal tərəfdən daha çox güllə səsləri eşidilirdi. Atam yenə təmkinlə: «gəl icəri, görək nə olur. Allah Kərimdir. Gecənin xeyrindən gündüzün şəri yaxşıdır» – dedi.

Evimizdə hamı nigəran, həm də narahat idi. Evdə olan kitablarımı və əl yazmalarımı atam kömür torbasına yığıb aparıb anbarda kömürlərin içındə gizlətdi. Atam anbardan gec gəldi, ancaq heçkəs bunun fərqinə varmadan dinməz – danışmaz, yaşlı adamlar kimi, xalçanın üstündə oturub, hərə öz aləminə dalmışdı. Mən işin axırına qədər idarədə qaldığım üçün özüm – özümü danlayırdım. Bir qədər tez işdən çıxsaydım, mən də ya «Əli Tudə» ilə, ya da tanışlardan birinin maşınına oturub Culfaya gedərdim, evə də sifariş göndərərdim ki, nigəran qalmasınlar. Sonra fikirləşirdim ki, «Çeşmazər» yox idi, mən radionu necə başlı- başına qoya bilərdim? Və kim bilir bu qarışıqlıqda kim mikrofona keçib ölkəyə hansı şayələri yayardı.

Atam anbardan gəlib bir tərəfdə oturdu. Beləcə səhərə qədər kimsə gözünü yummadı. Səhər tezdən həyət qapısı möhkəm döyüldü. Atam astadan «gəldilər» dedi və məni anbara apardı. Qış üçün doğratdırıb səliqə ilə yığılmış odunların arxasına keçirdi, keçidi tez hörüb qapını açmağa getdi. Gələnlər: «kişi! oğlun hanı?» deyib atamın başına qışqırdılar. Atam: «dünən axşamdan gəlməyib, heç bizim də xəbərimiz yoxdur» – dedi. Kişini ölümlə hədələdilər. Atam təmkinlə: «inanmırsınız gəlin axtarın», dedi. Səs – küylə yuxarı qalxdıqlarını eşitdim. Pillələrdən enəndə yenə atamı hədələdilər. «Oğlunu tap, denə ki, gəlsin nahiyəyə, polis idarəsinə, yoxsa gəlib sənin özünü aparacağıq.» Bu zaman bir nəfər anbara daxil oldu. Səliqə ilə yığılmış odunlara və kömür kisəlrinə baxıb qayıtdı. – «Gedəyin!»dedi. – «Burada vaxt itirməyə diməz». Getdilər. Altı ay su anbarında

atam atbara gəlib astadan dedi: «Darıxma, Allaha şükür hələlik xətər sovuşdu. görək nə olur.» Atam bu sözləri deyib getdi. Təqribən bir saatdan sonra yenə anbara gəlib  «darıxma» dedi. «İnşəallah, axşam hava qaralanda səni salamat yerə aparacağam.»

Atamın dedigi «salamat yer» haqqındə axşama qədər fikirləşdim. Ancaq hara olduğunu tapa bilmədim. Axşamdan xeyli keçmiş atam yenə də anbara gəldi, odunlardan götürüb keçid açdı və «ardımca gəl» – dedi, həyətdən çıxdıq. Küçə boyu söhbət edirik kimi yanaşı getdik. Çox da uzaqda olmayan bir həyətin qapısını açdı. İçəri keçdik. Bura kimsə yaşamayan boş bir həyət idi. Anam məni bınanın altındakı su anbarının vanına gətirib astadan dedi: «Anbarın üstü taxta ilə doludur. Yorğan- döşək də ordadır, keç yat, çalış gündüz həyətə çıxma, görək nə olur.» Mən atamdan soruşdum: «Salamat dediyin yer buradır?» Atam dedi: «Bura məhəllə baqqalımız Məşədi Həsənin boş həyətidir. Çox yaxşı kişidir, Allah adamıdır. Ümidim tək ona gəldi. Getdim xahiş elədim. Allah imanın kamil eləsin, razı oldu. Allah Kərimdir, gözləyək görək nə olur.»

Məşədi Həsəni mən də tanıyırdım, küçə baqqalı idi. Biz «qərəağac» məhəlləsindən köçəndən sonra bütün al- veri onunla edərdik. Atam saatlarla gedib onun dükanında oturur söhbət edərdilər. Atam deyirdi ki, Məşədi Həsən də qədim bakılılardandır, atası öləndən sonra anası onu Təbrizə gətirib. O zaman 8-10 yaşı olarmış. Bakı güclə yadına gəlir. Hər dəfə atamdan xahiş edirmiş ki, Bakı haqqında ona söhbət etsin. Həsən kişi çox çalışıb ki, Bakıya getsin, doğulduğu şəhəri görsün, atasının qəbrini ziyarət etsin, ancaq arzusu baş tutmayıb.

Mən bütün günü anbarda odunların damında ayaq üstə durduğumdan çox yorğun idim. Odur ki, atam gedən kimi yerimə girib uzandım. Ancaq yatmadım. Fikirləşirdim ki, «belə qorxulu zamanda görəsən Həsən kişi doğrudanmı mənə urəyi yanıb, bu həyətdə qalmağıma icazə verib, yoxsa burada başqa bir kələk var?! Bəlkə səhər gedib polisə xəbər verəcək ki, bir demokrat mənim həyətimdə gizəlnib, gəlin aparın». Sonra fikirləşdim ki, «polis Həsən kişiyə inanmaz, onun özünü də sorğu – suala çəkər. Yəqin Məşədi Həsən bunu bilməmiş deyil.» Sonra atamın gedəndə dediyi sözləri yadıma düşdü. -«Məşədi Həsən dedi ki, mən həyət üçün heç kirayə də istəmirəm. Allah eləsin işlər düzəlsin, oğlun sağ – salamat olsun, Məşədi «Allah bağışlasın!» atalar deyib «şər deməsən, xeyir gəlməz», işdir bilib eləyən olsa, mənim bu işdən xəbərim yoxdur» bu fikirlər içində nə vaxt yuxuya getmişdimsə, səhər qonşu həyətdən gələn uşaq və qadın səsinə oyandım. Harada olduğumu unutmuşdum. Durub həyətə çıxmaq istədim. Birdən atamın sözləri yadıma düşdü.- «gündüzlər həyətə çıxma, görən olar»

Hər axşam atam gəlir astadan, təmkinlə şəhərdə baş verən hadisələrdən danışırdı. Hiss edirdim ki, dəhşətlərini demir, məni qorxutmaq istəmir, bu zaman biz həyətin qonşu olmayan, küçəyə baxan qaranlıq tərəfində dayanıb söhbət edir, eyni zamanda mən hava alır və keyimiş ayaqlarımı astadan yerə vururdum. Atamın söhbətlərindən öyrəndim ki, şah qoşunu üç gün şəhərə girməyib. Yəqin imkan verib ki, Təbriz əhli bir – birini özləri qırsın. Üç gündən sonra həbslər başlayıb. Dünən demokratiyadan dəm vuran bəzi adamlar indi soxulub demokrat axtarırlar ki, tutub dövlətə təhvil versinlər. Atam deyirdi ki, zindan və karvansaralar məhbuslarla doludur, səhərdən axşama qədər «Allah Əkbər» qışqırır, öz  etirazlarını bildirirlər, dövlət də həm bu etirazı həm də bu qədər adamı həbsdə saxlamağın mümkün olmayacağını nəzərə alaraq Təbrizlilərdən komisiya düzəldib məhbusları yoxlayır, şübhəli olmayanları azad edir.

Bir gün axşam atam, «Teymur Haşimi»nin bizə gəldiyini söylədi. Mən elə bilirdim ki, Teymur indi Ərdəbildədir. Sən demə Teymur həmin hadisələr baş verən günlərdə Ərdəbilə gedərkən yolda onu tanıyıb, həbs edirlər. 15 gün həbsdə qalır, indi azad olunsa da Təbrizdən çıxmağa qorxur. Teymur mənim hələ də gizləndiyimi biləndə sevinir, atama deyiblər ki, «şəhərdən çıxmağa hələ tələsməsin. Qoy ara bir azda sakitləşsin.»

Artıq 1325-iı ilin esfənd ayı gəlmişdi. Novruz bayramına az qalırdı. Atam hər gün gəlsə də, bütün günü tək qaldığım üçün çox darıxırdım. Ürəyimdən bir gecə şəhərdən çıxıb getməyi keçirirdim. Qaçıb qurtara bilsəm nə yaxşı, tutub zindana salsalar yenə zindanda burda qalmaqdan yaxşı olardı. Heç olmasa məhbuslarla həyət gəzintisində görüşərdim. Mən bu fikirlərimi atama deyə bilmirdim. Onsuz da xeyli əzab çəkən kişini yenidən əzaba salırdım. Səssiz – xəbərsiz getməyim isə heç şübhəsiz qocaların ölümünə səbəb olardı.

Bir axşam atam yanıma xəbərləri danışmağa yox, bəlkə də məsləhət üçün gəlmişdi. O şəhər də «Teymur Haşimi»ni gördüyünü və onun mənə salam göndərdiyini dedi. Dedi ki, «Novruz bayramı günləri Tehrana yola düşür. Qardaşı sifariş göndərib ki, Ərdəbilə gəlməsin.» soruşdum ki, «yoldakı postlardan necə, xəbərləri var?» Dedi ki, «daha postları götürüblər. Birdə Təbrizdə «Nicat cəmiyyəti» yaranıb, onların maşınında gedəcək. Mənə dedi ki, «Azəroğluna de ki, bu cəmiyyətin məqəsədi Təbrizdə gizlənib qalmış tanınmış yoldaşları axtarmaq və onlara şəhərdən çıxmağa kömək etməkdi. Bildiyimə görə xeyli adamı Tehran və sərhədə yola salıblar. Bu yaxşı imkandır. İstəsəniz mən sizi bir nəfərlə tanış edərəm. O cəmiyyətin üzvüdür. Azəroğluna kömək edər.» Atam bu xəbərdən sonra öz fikrini deməsə də mən başa düşdüm ki, o razıdır, ancaq mənim fikrimi öyərnmək istəyir. Mən bu xəbəri eşidən kimi sevindim. Bu, su anbarının üstündə ki, ölüm batağından qurtarmaq üçün yaxşı imkan idi. Bır də çox kitablarda oxumuşdum ki, bir çox ölkələrdə inqilab məğlub olanda partiya kadrlarını xilas etmək üçün məxfi təşkilatlar yaradılır. Xeyli söhbətdən sonra belə qərara gəldik ki, «Haşimi» atamı o adamla tanış etsin. Tehrana sağ- salamat çatdığını da bizə məktubla xəbər versin. Təbrizdə nicat komitəsi bu söhbətimizdən təqribən iki həftə sonra Tehrandan «Teymur Haşimi»dən məktub gəldi. O aqaye «Nəqdəli əxlaqı»nın Tehranda olduğunu və bizə salam göndərdiyini bildirdi (bu bizim aramızda işarə idi) daha hər şey aydın idi. Cəmiyyətə inanmaq olardı. Qərar oldu ki, atam həmin adamla görüşsün. Günün, vaxtı və görüş yerini təyin etsinlər. Görüş günü qarşıdakı həftənin cümə axşamına, axşam saat 10-da Gülüstan bağının arxa küçəsində olacaqdı. O küçədə bir minik maşını dayanacaq. Sürücü təkəri düzəltməklə məşğul olacaqdı.

Həmin günü axşam atamla evimizə gəldim. Anam və «Nübar» ağlayırdılar. Atam onları danladı ki, səfərə çıxanın dalınca ağlamazlar. Su atarlar ki yolu aydın olsun.

Gülüstan bağı «Qərə ağac» məhəlləsindən çox uzaq deyildi, yəqin ki, cəmiyyət (yolda çox adama rast gəlməyim) deyə, buranı təyin etmişdi. Bu yer mənim üçün çox münasib idi. Neçə aydan bəri yol getmədiyim üçün ayaqlarım yer tutmurdu. Yaxşı yeriyə bilmirdim. Atamın qolundan tutmuşdum ۔ atam da gözünə qara eynək vurmuşdu. Guya, qoca kişinin gözləri yaxşı görmür, mən onun qolundan tutub aparıram. Əslində atam məni aparırdı, qorxurdu müvazinətimi itirəm.

Biz görüş yerinə çatanda burada bir minik maşını dayanmışdı. Sürücü də təkəri düzəldirdi. Mən maşına minəndə, atam eynəkini çıxartdı, maşının içinə baxdı ki, görsün başqa adam da var ya yox. Sürücü tez təkəri düzəldib, maşını sürdü. Maşın şəhərin mərkəzinə yaxın yerdə, darvazalı bir həyətə daxil oldu. Bizi qarşıladılar və həyətin baş tərəfində işıq gələn bir mərtəbəli binaya apardılar. Otağın qabağında böyük bir şüşə bənd var idi. Otağa daxil olanda aqaye «Əxgəri»ni gördüm. Görüşüb öpüşdük. Hər ikimiz sağ qaldığımız üçün sevindik. «Əxgəri»(Cəfər) köhnə inqlabçılardan idi. İki gün məndən qabaq gəlmiş və mənim gələcəyimi ona demişdilər. «Əxgəri» dedi ki, bizdən qabaq «Birya», «Mirrəhim» və «Çeşmazər» burada olub, onları yola salıblar. Sabahsı axşam «Əli Şəmidə»ni gətirdilər, «Şəmidə» kəndli paltarında idi. Saç- saqqal basdığından tanınmaz olmuşdu. Daha kimin gələcəgi bəlli deyildi. Odur ki, üçümüz də belə qərara gəldik ki, Tehrana getməyək. Orada bizi tanıyan çox olar. Yaxşısı budur Arazın o tayına keçək. Bu qərardan sonra atama kağız yazıb sağ- salamat olduğumu, ancaq Tehrana yox, başqa yerə gedəcəyimi və çatan kimi məktub yazacağımı bildirdim (fəqət onlara ilk məktubumu 1950-ci ildə Aşıq Hüseyin Cavanın məktubunun içinə qoyub göndərə bildim). Qərarımızı dostlara bildirəndə məsləhət gördülər ki, gələn həftənin cümə axşamı hərəkət edək.

Bu ayrılıq əbədi oldu.

1326-cı ilin baharında axşam hava qaralandan sonra maşınımız Təbrizdən Şimala hərəkət edəndə içimdə ilk dəfə ayrılığın kədərini duydum. Bu kədər haradan gəldi? Niyə birdən qəlbimə dolub onu sıxmağa başladı? Ölümün pəncəsindən, zindanın işgəncələrindən yaxa qurtarıb getdiyim zaman bu nə kədərlənmək idi? Bəlkə bu kədər ayrıldığım ailəmin, qoyub getdiyim Təbrizin, itirdiyim azadlığın, şəhid olmuş dostlarımın, gələcəkdə xatirəyə dönəcək və xatırlandıqca mənə əzab verəcək günlərin ilk əlaməti idi? Bəlkə 26 yaşında olan bir gəncin sonu olmayan tale səfərinin ilk qaranquşu idi bu kədər? Nə ish… yanımızdan ötən faytonun atlarının asfalta dəyən nallarının səsi məni bu kədərdən ayırdı. Dönüb son dəfə arxada qalan, «dumanlı Təbriz»ə baxdım və qeyri ixtiyarı «Qaragilə» mahnısının ilk misralarını oxudum. Sonralar, illər keçəndən sonra Bakıda «Şəmidə» ilə görüşəndə o bu misraları yadıma salar, özü də kövrələr və məni də kövrəldərdi…

İranda inqlab

1357-ci ilın Bəhmən inqilabından sonra bizim İran azərbaycanı ilə əlaqələrimiz daha da genişləndi. İran azərbaycanından çoxlu kitablar alırdıq; bunun əvəzində biz də onlara «Azərbaycan ensiklopediyası»nın cildlərini, «izahlı lüğət» və yazıçıların, şairlərin kitabını göndərirdik. Təbrizdə ki, ünvan «tərbit» kitabxanası idi. Bəlli olduğu kimi orada ayda bır dəfə «Yəhya Şeyda»nın başçılığı ilə şairlərin yığıncaqları keçirilirdi. Ancaq bu şərait təqribən bir il çəkdi. Bir ildən sonra əlaqələrimiz pozuldu. Ondan sonra biz kitabları Tehrana «Milli məclisin kitabxanasına» göndərdik, ancaq əvvəlki əlaqələrimiz bərpa olmadı. Kitabların mübadiləsi fasilələrlə davam etdi.

İrandan dəvətnamə aldım. 1993-cü ilin may ayı idi. Bir gün əmim nəvəsi «Səhila» Tehrandan mənə telefon edib dedi ki, «sizə dəvətnamə göndərmişik, İranın Bakıdakı səfirliyinə müraciət et.» Bakıdan çıxacağım günü telefonla xəbər verdim və dedim kı, təyarə meydanına gəlsinlər. Bakıdan səhər saat 10-da uçan təyarəmiz xəzər dənizi üstündən uçub, saat yarımdan sonra Tehran təyarə meydaninda endi….

Sevgili Təbrizlə görüş

Tehranda qərar qoymşduq ki, mən əvvəl Ərdəbilə, sonra Təbrizə gedim. Ərdəbildən qayıtdığım günün sabahısı aqaye «Əlyayi», əmim oğlu «Hüseyin», bir də mən təyarə ilə Təbrizə uçduq. Sevgilisinin görüşünə gedən adam kimi qəlbim döyünürdü, mənə elə gəlirdi ki, təyarə çox yavaş uçur, bəlkə maşınla getsəydik daha tez çatardıq. Fikrimdən keçirdi ki, Təbrizə çatan kimi düşüb qədəmimi vətən torpağına qoyan kimi ayılıb 50 il qabaq ayrıldığım şəhərin torpağından öpüm. Sonra fikirləşirdim ki, görəsən müsafirlər buna necə baxarlar, yəqin məni dəli sanacaqlar … Mən fikrimdə bir qərara gələ bilmirdım. Dedilər təyarəmiz Təbriz şəhərinə çatdı. Bir an da olsa mən təyarədən Yanar dağı, Səhəndi seyr etdim; köhnə xatirələr oyandı; keçən günlərim gəlib gözümün qabağından keçdi. Ayağımı vətən torpağına qoyanda qərarıma görə əyilib torpağı öpmək istəyəndə bizi qarşılamağa gələn dostlar mənə gül dəstəsi verdilər. Mən torpaq üzərinə Təbriz güllərini öpüb sinəmə sixdım. Bizi qarşılamağa gələn Təbriz şairlərindən «Süleyman Sales», «Çay oğlu», «Qulamhüseyin Sədiq» və başqaları ilə görüşdüm. Onlar məni illərcə həsrətini çəkdiyim, ilk dəfə gördükləri ən yaxın adamları kimi bağırlarına basırdılar. Maşını sürən «Qulamhüseyn» qərarlarına əsasən əvvəlcə bizi «Səməd Behrəngi»nın qəbrini ziyarətə apardı. Sonra şəhərin içi ilə xeyli yol getdik; birdə gördüm önümüzdə «Şah gölü» (indi ora təbrizlilər «El gölü» deyirlər) ancaq şəhər hələ qurtarmayıb. Əvvəllər bu göl şəhərdən 10 kilometr aralı idi. Biz bura maşın ya da faytonla gəlirdik. «Qulamhüseyin»in evi bu gölün yanında üç mərtəbəli imarət idi. «Qulamhüseyin»in ailəsi bizi çox hörmətlə qarşıladı. Xanımının adı «Zəhra» idi. Anam Zəhra yadıma düşdü; ancaq tez özümü ələ aldım. Bizim gəlişimizdən xəbərdar olan şair və ədəbiyyatçılar axşam görüşümüzə gəldilər. Gələnlərin arasında iki aşıq və iki artist də var idı. Tehrandan gələnlər də var idi. Görüşümüzdə aşıqlar, şairlər şeir oxudular; iki nəfər artist (onlar ər-arvad idilər) baletdən parçalar göstərdilər. Görüş gecə saat ikiyə qədər davam etdi.

Sabahsı günü aqaye «Əlyayi», «Süleyman Sales», əmi oğlum və mən aqaye «Qulamhüseyn»in maşınında Təbrizi gəzməgə çıxdıq, Təbriz o qədər böyümüş, abadlaşıb, dəyişmişdı ki, « Gülüstan bağı»ndan, bir də hasara salınmış «Ərk qalası»ndan başqa hər yer təzə və abad idi.

Təbrizi üç gün gəzdim, ancaq doymadım. aşıqlar demiş, adam sevgilisindən doyarmı? Təyarə meydanina gələndə gözüm arxada qalmışdı. Küçələri birdə, birdə görmək istəyirdim. Yanımda olan adamlardan utanmasaydım yol buyu şəhərlə xudahafizləşir kimi qollarımı açıb havanı sinəmə sıxıb deyərdim: «Salamat qal arzularımın, ümidlərimin şəhəri! Səndən doymadım. Ömür vəfa qılsa birdə görüşünə gələcəyəm, gözlə məni Təbriz….!»

 Qaynaq: «Ömürdən ötən illər» – nəşr yaz – 1384 və çap olunmamış xatrələri

Go Back

Comment