Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

AZADLIQ YOLUNUN MÜBARİZLƏRİ MƏHBUB XOŞKƏLAM


AZADLIQ YOLUNUN MÜBARİZLƏRİ

MƏHBUB XOŞKƏLAM

(1909 - 1946)

Məhbub Xoşkəlam 1288 - ci şəmsi ilində  (miladi 1909) Sərab məhalının Çöllü kəndində yoxsul kəndli ailəsində anadan olmuşdur. Torpaqsızlıq, rəhmsiz feodal istismarı, ölkədə hökm sürən ərbab - rəiyyətlik üsulu Məhbubu da hələ uşaq ikən böyük məhrumiyyətlərə düçar edir.O, məktəbə gedib oxumaq əvəzinə maliklərin təsərrüfatlarında işləməyə məcbur olmuşdu, ancaq yenə də əyalətin yaşayış vəziyyəti əvvəlki kimi dözülməz halda qalır.Məhbub hələ cavan ikən öz doğma kəndindən baş götürüb iş dalınca şəhərlərə getməli olsa da həyat şəraitinin ağırlığından yaxa qurtara bilmir.O, İranın mövcud irtica quruluşunun ağırlığını öz çiyinlərində hiss etdikcə ona qarşı daha çox nifrət edir, eyni zamanda bu vəziyyətdən çıxış yolu axtarır.

1320 - ci ildə (1941) ildə, irtica quruluşunun törətdiyi ağır vəziyyətdən çıxış yolu axtaran zəhmətkeşlər, azadixah adamlar Hizbe Tudə İranın sıralarında birləşdikdə Məhbub da hizbə  (partiyaya) üzv olur, onun məram və şüarlarının yayılmasına xidmət edir.Kəndlərdə hizb təşkilatının yaranmasında göstərdiyi fəaliyyətli qısa bir müddət içərisində böyük etimad qazanan Məhbub Xoşkəlamı Sərab Vilayət Komitəsinin üzvlüyünə seçirlər.

Xoşkəlam kəndlilərlə maliklər arasında baş verən münaqişələrin həllində yaxından iştirak edərək kəndlilərin hüququnu qorumağa çalışırdı.Zəhmətkeşlərə qarşı dövlət məmurlarının, xüsusilə jandarmaların özbaşınalığı onun ciddi müqavimətinə rast gəlir.O, partiya üzvlərini, zəhmətkeşləri təqib və terrordan xilas etmək üçün təkcə öz təşkilatçılıq bacarığından deyil, maddi imkanlarından da istifadə edir, lazım gəldikdə tutub həbsə salınanları azad etdirmək üçün şəxsən rəsmi surətdə zamin olurdu.O, dəfələrlə həbsə alınıb işgəncəyə məruz qalsa belə, yenə də zəhmətkeşlərin azadlığı və səadəti uğrunda mübarizədən geri qalmamışdır.

1324 - cü ildə (1945) Azərbaycan Demokrat Firqəsinin təşkili ilə Məhbub Xoşkəlam da firqə üzvülüyünə keçir, onun məram və müraciətnaməsinin kütlələr içərisində yayılmasına çalışır. Sərab Vilayət Komitəsinin Təftiş komissiyasının sədrliyinə seçilmiş Xoşkəlam kəndli kütlələrinin firqənin bayrağı altında birləşmələri üçün səfərbərlik işi aparır.O, bu işdə özünün bütün bilik və təşkilati bacarığından, sadə, lakin kəsərli məntiqindən, hörmət və nüfuzundan istifadə edir.

Məhbub Xoşkəlam 21 Azər nəhzətində (hərəkatında) əldə silah fəal surətdə iştirak etməsi nəzərə alınaraq, Azərbaycan Milli Məclisi tərəfindən "21 Azər" medalı ilə təltif olunur.21 Azər nəhzətinin qələbəsindən sonra o da Milli Hökumətin ictimai, iqtisadi islahatın həyata keçirilməsinə çalışır.Torpaq islahatı, maarif şəbəkələrinin genişlənməsi işlərində Xoşkəlam Milli Hökumətin məmurlarına kömək edir.O, Sərab bələdiyyə əncüməni üzvlüyünə seçildiyi üçün şəhərin abadlığı, zəhmətkeşlərin rifah və asayişinin təmin edilməsində firqə və hökumət göstərişlərini ləyaqət və səmimiyyətlə

yetinə yetirir.

Şahənşah qoşunları 1325 - ci il Azər ayında (1946 - cı il, dekabr) Azərbaycana xaincəsinə basqın etdikdə Məhbub Xoşkəlam silahlı qüvvələr tərəfindən himayət olunan dərbar quldurları və peşəkar pıçaqçəkənlər vasitəsilə faciəli surətdə öldürülür.

Sərab zəhmətkeşlərinin mübariz oğlu Məhbub Xoşkəlamın xidmətləri, onun xatirəsi həmişə hörmətlə yad ediləcəkdir.

 

Müəllifi Guləddin İsmayilov

Azərbaycan Jurnalistlər Birliyinin üzv

Go Back

Comment